Qazdan istifadə

QAYDALARI

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2026-cı il “9” iyul tarixli 206 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

4. Qaz təchizatı sahəsində tərəflərin vəzifələri və hüquqları

 4.1. Pərakəndə satıcının vəzifələri aşağıdakılardır:

4.1.1. qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, icazə şərtlərinə, habelə Tənzimləyici tərəfindən verilən yazılı göstərişlərə əməl etmək;

4.1.2. fəaliyyət ərazisini və qazın satışı şərtlərini, habelə Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş məlumatları rəsmi internet saytında yerləşdirmək;

4.1.3. ağıllı sayğacı olan istehlakçılar istisna olmaqla, istehlakçılara istehlak etdikləri qazın dəyəri və sabit tarif barədə hər ay elektron poçt (olduğu halda) və ya digər kommunikasiya vasitələri ilə yazılı bildiriş təqdim etmək;

4.1.4. istehlakçılara onların hüquq və vəzifələrini izah etmək;

4.1.5. bu Qaydaların 9-cu hissəsi ilə müəyyən edilən hesabatları və məlumatları Azərbaycan Respublikasının Energetika Nazirliyinə, Tənzimləyiciyə və Qanunun 16.3-cü maddəsinə uyğun olaraq müqavilə bağladığı qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna təqdim etmək;

4.1.6. Qanunun 16.3-cü maddəsinə uyğun olaraq qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda hər ay istehlakçıya istehlak edilmiş qazın dəyəri və sabit tarif barədə hesab təqdim etmək;

4.1.7. istehlakçı ilə bağlanılmış müqavilə şərtlərinə uyğun olaraq qazın tələb olunan həcmdə verilməməsi və ya aşağı keyfiyyətdə verilməsi nəticəsində istehlakçıya vurulmuş zərərin əvəzini ödəmək;

4.1.8. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulmuş məlumatların istehlakçılara çatdırılmasını və qorunmasını təmin etmək;

4.1.9. fasiləsiz (24/7) fəaliyyət göstərən “qaynar xətt” əlaqə mərkəzini yaratmaq və fəaliyyətini təmin etmək;

4.1.10. Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

4.2. Pərakəndə satıcının hüquqları aşağıdakılardır:

4.2.1. sistem operatorları tərəfindən müvafiq xidmətlərin göstərilməsini tələb etmək;

4.2.2. təqdim edilmiş yazılı bildirişə və hesaba əsasən istehlakçıdan istehlak etdiyi qazın dəyərinin və sabit tarifin ödənilməsini tələb etmək;

4.2.3. istehlakçı tərəfindən istehlak olunan qazın dəyəri və sabit tarif bu Qaydaların 8.1.2-ci yarımbəndində göstərilən müddətdə tam ödənilmədiyi təqdirdə, qazpaylayıcı sistem operatorundan qazın verilməsinin dayandırılmasını tələb etmək.

4.3. Topdan satıcının vəzifələri aşağıdakılardır:

4.3.1. qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, icazə şərtlərinə, habelə Tənzimləyici tərəfindən verilən yazılı göstərişlərə əməl etmək;

4.3.2. qazın satışı şərtlərini və Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş məlumatları rəsmi internet saytında yerləşdirmək;

4.3.3. bu Qaydaların 9-cu hissəsi ilə müəyyən edilən hesabatları və məlumatları Azərbaycan Respublikasının Energetika Nazirliyinə, Tənzimləyiciyə və Qanunun 16.3-cü maddəsinə uyğun olaraq müqavilə bağladığı qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna təqdim etmək;

4.3.4. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulmuş məlumatların istehlakçılara çatdırılmasını və qorunmasını təmin etmək;

4.3.5. Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

4.4. Topdan satıcının hüquqları aşağıdakılardır:

4.4.1. sistem operatorları tərəfindən müvafiq xidmətlərin göstərilməsini tələb etmək;

4.4.2. Qanunla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4.5. Qazpaylayıcı sistem operatorunun vəzifələri aşağıdakılardır:

4.5.1. qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, icazə şərtlərinə, habelə Tənzimləyici tərəfindən verilən yazılı göstərişlərə əməl etmək;

4.5.2. bu Qaydaların 8.3-cü bəndi ilə müəyyən edilən hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya 3 (üç) gün əvvəl yazılı xəbərdarlıq göndərmək;

4.5.3. tikinti obyekti qazpaylayıcı şəbəkəyə qoşulmuş istehlakçının sayğacını (ağıllı sayğaclar istisna olmaqla) hər ay oxumaq, bu və sabit tarif barədə istehlakçıya bildiriş, habelə Qanunun 16.3-cü maddəsinə uyğun olaraq qaz satıcısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda qaz satıcısının adından hesab təqdim etmək;

4.5.4. tikinti obyekti qazpaylayıcı şəbəkəyə qoşulmuş istehlakçının sayğacının işlək vəziyyətdə olduğunu müəyyən etmək məqsədilə 3 (üç) ayda bir dəfə həmin sayğaca və onun qoşulma sxeminə baxış keçirmək və nəticəsini aktla rəsmiləşdirmək (sahibkarlıq subyektlərinə münasibətdə bu Qaydaların 4.12-ci bəndinin tələblərinə uyğun olaraq);

4.5.5. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə ildə bir dəfədən az olmayaraq şəbəkəyə baxış keçirmək və nəticəsini aktla rəsmiləşdirmək;

4.5.6. təchiz etdiyi qazın keyfiyyət göstəricilərinin, təzyiqinin qaz təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktlara uyğunluğunu təmin etmək;

4.5.7. istehlakçıların qaz qurğularına və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə müayinəni və istehlakçı ilə bağlanılmış müqaviləyə uyğun olaraq qaz qurğularına və qaz xətlərinə texniki xidməti həyata keçirmək;

4.5.8. qazpaylayıcı şəbəkəyə qoşulan tikinti obyektlərində istismarda olan qaz qurğularının uçotunu aparmaq;

4.5.9. qazın satıcı və ya istehlakçı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmuş təzyiqdə, həcmdə və ya keyfiyyət göstəricilərinə uyğun verilməməsi nəticəsində onlara vurulmuş zərərin əvəzini ödəmək;

4.5.10. fasiləsiz (24/7) fəaliyyət göstərən “qaynar xətt” əlaqə mərkəzini yaratmaq və fəaliyyətini təmin etmək;

4.5.11. Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

4.6. Qazpaylayıcı sistem operatorunun hüquqları aşağıdakılardır:

4.6.1. istehlakçılara bu Qaydaların 8.1-ci bəndində nəzərdə tutulan hallarda qazın verilməsini dayandırmaq;

4.6.2. qazpaylayıcı şəbəkədə qaz itkilərinin kompensasiyası üçün qaz almaq;

4.6.3. istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə sayğacdan kənar şəbəkəyə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək;

4.6.4. Qanunla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4.7. Qaz nəqli sistem operatorunun vəzifələri aşağıdakılardır:

4.7.1. qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, icazə şərtlərinə, habelə Tənzimləyici tərəfindən verilən yazılı göstərişlərə əməl etmək;

4.7.2. bu Qaydaların 8.3-cü bəndi ilə müəyyən edilən hallarda qazın verilməsinin dayandırılacağı barədə tikinti obyekti qazın nəqli şəbəkəsinə qoşulmuş istehlakçıya 3 (üç) gün əvvəl yazılı xəbərdarlıq göndərmək;

4.7.3. tikinti obyekti qazın nəqli şəbəkəsinə qoşulmuş istehlakçının sayğacını (ağıllı sayğaclar istisna olmaqla) hər ay oxumaq, bu barədə, habelə sabit tarif haqqında istehlakçıya bildiriş və Qanunun 16.3-cü maddəsinə uyğun olaraq qaz satıcısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda qaz satıcısının adından hesab təqdim etmək;

4.7.4. tikinti obyekti qazın nəqli şəbəkəsinə qoşulmuş istehlakçının sayğacının işlək vəziyyətdə olduğunu müəyyən etmək məqsədilə 3 (üç) ayda bir dəfə həmin sayğaca və onun qoşulma sxeminə baxış keçirmək və nəticəsini aktla rəsmiləşdirmək (sahibkarlıq subyektlərinə münasibətdə bu Qaydaların 4.12-ci bəndinin tələblərinə uyğun olaraq);

4.7.5. qazın nəqli şəbəkəsinə texniki xidmət göstərmək, onun təmirini və inkişafını təmin etmək;

4.7.6. qazın satıcısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmuş təzyiqdə, həcmdə və ya keyfiyyət göstəricilərinə uyğun verilməməsi nəticəsində ona vurulmuş zərərin əvəzini ödəmək;

4.7.7. Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

4.8. Qaz nəqli sistem operatorunun hüquqları aşağıdakılardır:

4.8.1. istehlakçıların qazın nəqli şəbəkəsinə qoşulmuş tikinti obyektlərinə bu Qaydaların 8.1-ci bəndində nəzərdə tutulan hallarda qazın verilməsini dayandırmaq;

4.8.2. istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə sayğacdan kənar şəbəkəyə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək;

4.8.3. Qanunla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4.9. İstehlakçıların vəzifələri aşağıdakılardır:

4.9.1. Qanunun 24.7-ci maddəsində nəzərdə tutulan qaz təchizatı obyektlərində təhlükəsizlik qaydalarına və 24.8-ci maddəsində nəzərdə tutulan qaz təchizatı obyektlərinin texniki istismar qaydalarına, həmçinin Tənzimləyici tərəfindən verilən yazılı göstərişlərə əməl etmək;

4.9.2. qaz qurğularını onların texniki pasportlarında qeyd olunmuş tələblərə uyğun istismar etmək;

4.9.3. istehlak edilən qazın dəyərini və sabit tarifi alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq qaz satıcısına ödəmək;

4.9.4. qaz nəqli sistem operatorunun və ya qazpaylayıcı sistem operatorunun səlahiyyətli nümayəndələrinin bu Qaydaların 4.5.4-cü və 4.7.4-cü yarımbəndlərinə uyğun olaraq sayğacın işlək vəziyyətdə olduğunu müəyyən etmək, habelə bu Qaydaların 4.5.3-cü və 4.7.3-cü yarımbəndlərinə uyğun olaraq sayğacın oxunması məqsədilə tikinti obyektlərinin daxilində quraşdırılmış qaz sayğacına baxış keçirmək üçün sayğac quraşdırılmış yerə maneəsiz daxil olmalarını təmin etmək;

4.9.5. bu Qaydalara riayət etmək;

4.9.6. sayğaca müdaxilə, habelə sayğacdan kənar şəbəkəyə qanunsuz qoşulma nəticəsində qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna vurulmuş zərəri ödəmək;

4.9.7. müayinə aktına əsasən qaz qurğularına və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət göstərilməsi üçün qazpaylayıcı sistem operatoru və ya ixtisaslaşmış podratçı ilə müqavilə bağlamaq;

4.9.8. qazpaylayıcı sistem operatorunun səlahiyyətli nümayəndələrinin qaz qurğularına və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə müayinəni və istehlakçı ilə müvafiq müqavilə bağlanıldığı hallarda texniki xidməti həyata keçirmək üçün tikinti obyektinə maneəsiz daxil olmalarını təmin etmək;

4.9.9. Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

4.10. İstehlakçıların hüquqları aşağıdakılardır:

4.10.1. qaz satıcısı ilə alqı-satqı müqaviləsi bağlamazdan əvvəl müqavilə şərtləri, tariflər (qiymətlər) barədə məlumat əldə etmək;

4.10.2. qazın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş keyfiyyət göstəricilərinə uyğun etibarlı və fasiləsiz olaraq qaz ilə təmin olunmaq;

4.10.3. qazın alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq qazın razılaşdırılmış təzyiqdə, həcmdə və ya keyfiyyət göstəricilərinə uyğun verilməməsi nəticəsində vurulmuş ziyanın qaz satıcısı tərəfindən ödənilməsini tələb etmək;

4.10.4. qaz satıcısından, qaz nəqli sistem operatorundan və ya qazpaylayıcı sistem operatorundan bu Qaydalarla müəyyən edilən hallarda bildiriş almaq;

4.10.5. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulmuş məlumatların təqdim edilməsini tələb etmək;

4.10.6. Qanunla və müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.

4.11. Qazın saxlanması sistem operatorunun vəzifələri və hüquqları Qanunun 10-cu maddəsi ilə müəyyən edilir.

4.12. Qaz nəqli sistem operatorunun və ya qazpaylayıcı sistem operatorunun səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

light-logo