Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2026-cı il 7 may tarixli 133 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Müayinə və texniki xidmətlə bağlı tələblərə riayət olunmasına monitorinqin keçirilməsi

QAYDASI

 

  1. Ümumi müddəalar

1.1. Bu Qayda “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 20.2-ci maddəsinə əsasən hazırlanmışdır, müayinə və texniki xidmətlə bağlı tələblərə riayət olunmasına monitorinqin (bundan sonra – monitorinq) keçirilməsi qaydasını müəyyən edir.

1.2. Monitorinq Qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş müayinə və texniki xidmət məlumatları üzrə reyestrə (bundan sonra – Reyestr) daxil edilmiş məlumatlar əsasında bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq texniki təhlükəsizlik sahəsi üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Tənzimləyici (bundan sonra – nəzarət orqanları) tərəfindən keçirilir.

1.3. Sahibkarlıq subyektlərinə münasibətdə monitorinq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilir.

1.4. Bu Qaydada istifadə olunan anlayışlar Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.

       2. Monitorinqin keçirilməsinin məqsədi və subyektləri

2.1. Monitorinqin məqsədi monitorinq subyektləri tərəfindən Qanunun 18-ci və 19-cu maddələrinin tələblərinə əməl olunmasına müəyyən edilmiş dövriliklə həyata keçirilməsini, qanun pozuntularının qarşısının alınmasını və yol verilmiş pozuntuların vaxtında aşkar edilərək aradan qaldırılmasını təmin etməkdir.

2.2. Qanunun 20-ci maddəsinə uyğun olaraq monitorinq subyektləri aşağıdakılardır:

2.2.1. qazpaylayıcı sistem operatoru;

2.2.2. yaşayış binalarının mənzil mülkiyyətçiləri (bina mənzil mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edildikdə), mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri, ixtisaslaşmış istehlak kooperativləri, binanı idarə edən hüquqi şəxslər və fərdi sahibkarlar (idarəedici təşkilatlar), habelə digər qazlaşdırılmış tikinti obyektlərinin mülkiyyətçiləri (istifadəçiləri);

2.2.3. balansında dövlət mənzil fonduna aid binaları olan dövlət orqanları (qurumları);

2.2.4. ixtisaslaşmış podratçılar;

2.2.5. istehlakçılar.

       3. Monitorinqin keçirilməsi istiqamətləri

3.1. Tənzimləyici Reyestrə daxil edilmiş məlumatlar əsasında aşağıdakı istiqamətlər üzrə monitorinq keçirir:

3.1.1. Qanunun 18-ci maddəsi ilə müəyyən edilmiş qaydada qazpaylayıcı sistem operatoru tərəfindən istehlakçının qaz qurğularına və qaz xətlərinə müayinənin keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi;

3.1.2. Qanunun 19-cu maddəsi ilə müəyyən edilmiş qaydada istehlakçının qaz qurğularına və qaz xətlərinə texniki xidmətin həyata keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi;

3.1.3. müayinənin və texniki xidmətin həyata keçirilməsi ilə bağlı fəaliyyətlərdə bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulmuş subyektlər tərəfindən Qanunun 18-ci və 19-cu maddələri ilə müəyyən edilmiş müddətlərə və hərəkətlərə əməl edilməsi;

3.1.4. qazpaylayıcı şəbəkəyə texniki xidmətin həyata keçirilməsi;

3.1.5. müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə Qanunun 13.8-ci maddəsində nəzərdə tutulmuş tədbirlərin görülməsi;

3.1.6. Qanunun 21.2-ci maddəsinə uyğun olaraq ixtisaslaşmış podratçıların fəaliyyəti.

3.2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Reyestrə daxil edilmiş məlumatlar əsasında aşağıdakı istiqamətlər üzrə monitorinq keçirir:

3.2.1. Qanunun 18-ci maddəsi ilə müəyyən edilmiş qaydada istehlakçının tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə müayinənin keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi;

3.2.2. Qanunun 19-cu maddəsi ilə müəyyən edilmiş qaydada çoxmənzilli binaların, dövlət mənzil fondu binalarının və istehlakçının tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmətin həyata keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi.

       4. Monitorinqin keçirilməsi qaydası və müddəti

4.1. Nəzarət orqanları tərəfindən növbəti təqvim ilinin başlanmasına ən geci 2 (iki) ay qalmış bu Qaydanın 3.1-ci və 3.2-ci bəndlərində nəzərdə tutulan istiqamətlər üzrə monitorinqin keçirilməsi barədə növbəti il üzrə illik tədbirlər planı hazırlanıb təsdiq edilir.

4.2. Tədbirlər planında aşağıdakı məlumatlar göstərilir:

4.2.1. tədbirlər planı üzrə növbəti təqvim ili üçün monitorinq keçiriləcək bu Qaydanın 3.1-ci və 3.2-ci bəndlərində nəzərdə tutulan istiqamətlər;

4.2.2. bu Qaydanın 3.1-ci və 3.2-ci bəndlərində nəzərdə tutulan hər bir istiqamət üzrə monitorinqin keçirilməsinin müddəti (başlama və sona çatma tarixləri göstərilməklə);

4.2.3. monitorinqin bu Qaydanın 4.3-cü bəndinə uyğun keçirilməsi üsulları.

4.3. Nəzarət orqanları tərəfindən monitorinq aşağıdakı üsullarla həyata keçirilir:

4.3.1. Reyestrdən toplanılmış məlumatların təhlili, qiymətləndirilməsi və yoxlanılması;

4.3.2. monitorinqin məqsədləri üçün bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulmuş subyektlərin mülkiyyətində və ya istifadəsində olan tikinti obyektlərinə baxış keçirilməsi.

4.4. Bu Qaydanın 4.1-ci bəndinə əsasən monitorinq mütəmadi (rübdə bir dəfədən az olmamaq şərtilə) həyata keçirilir. Monitorinq başladığı tarixdən etibarən 1 (bir) aydan çox davam edə bilməz.

4.5. Bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulmuş subyektlərin, dövlət orqanlarının (qurumlarının), habelə fiziki və hüquqi şəxslərin müraciətlərinə əsasən Qanunun 18-ci və 19-cu maddələrinin tələblərinin pozulması halları ilə əlaqədar təcili və təxirəsalınmaz tədbirlərin görülməsi zərurəti müəyyən edildikdə, monitorinq bu Qaydanın tələblərinə uyğun olaraq plandankənar qaydada həyata keçirilir.

4.6. Monitorinqin keçirilməsi zamanı Reyestrə daxil edilmiş məlumatlar arasında natamamlıq, ziddiyyət və ya səhv aşkar edildikdə nəzarət orqanları bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulmuş subyektlərdən əlavə məlumat və izahat tələb edirlər. Monitorinq subyektləri monitorinqin keçirilməsi ilə bağlı tələb olunan məlumatları və sənədləri ən qısa müddətdə, lakin 7 (yeddi) iş günündən gec olmayan müddətdə nəzarət orqanlarına kağız daşıyıcıda və ya elektron qaydada təqdim etməli, həmçinin yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verməlidirlər.

        5. Monitorinqin nəticələrinin rəsmiləşdirilməsi

5.1. Monitorinqin nəticələri aktla rəsmiləşdirilir.

5.2. Monitorinqin nəticələrinə dair aktda aşağıdakılar qeyd edilir:

5.2.1. aktın tərtib edildiyi tarix, yer və qeydiyyat nömrəsi;

5.2.2. aktı tərtib edən vəzifəli şəxsin və (və ya) şəxslərin vəzifəsi, soyadı, adı və atasının adı;

5.2.3. bu Qaydanın 3.1-ci və 3.2-ci bəndlərində nəzərdə tutulan və monitorinqi keçirilən istiqamətlər;

5.2.4. barəsində akt tərtib edilən monitorinq subyektinin adı və ünvanı;

5.2.5. monitorinqin keçirilməsinin müddəti (başlama və sona çatma tarixləri göstərilməklə);

5.2.6. Qaydanın 4.3-cü bəndinə uyğun olaraq keçirilmə üsulu;

5.2.7. monitorinq zamanı aşkar olunmuş pozuntuların məzmunu və tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri;

5.2.8. akta əlavə edilən sənədlərin siyahısı (olduğu halda);

5.2.9. aktı tərtib etmiş vəzifəli şəxsin və (və ya) şəxslərin imzaları;

5.2.10. Qanunun 18-ci və 19-cu maddələrinin tələblərinə riayət olunmadığı müəyyən edildikdə bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə məlumatlar;

5.2.11. aktı tərtib etmiş nəzarət orqanının möhürü.

5.3. Bu Qaydanın 5.4-cü bəndi nəzərə alınmaqla monitorinqin nəticələrinə dair akt həmin monitorinqin keçirilməsinin bitmə tarixindən gec olmayaraq monitorinqi keçirən vəzifəli şəxs və (və ya) şəxslər tərəfindən tərtib edilməli və surəti tərtib edildiyi tarixdən 5 (beş) iş günü müddətində barəsində akt tərtib edilmiş monitorinq subyekti tərəfindən alınmasını təsdiq edən istənilən vasitə ilə təqdim olunmalıdır (göndərilməlidir).

5.4. Monitorinq subyektinin mülkiyyətində və ya istifadəsində olan tikinti obyektlərinə baxış keçirilməsi üsulu ilə monitorinq həyata keçirildikdə monitorinqin keçirildiyi gün bu Qaydanın 5.2-ci bəndi ilə müəyyən edilmiş qaydada 2 (iki) nüsxədə akt tərtib edilir və 1 (bir) nüsxəsi barəsində akt tərtib edilmiş monitorinq subyektinə təqdim edilir, digər nüsxəsi isə nəzarət orqanında saxlanılır.

5.5. Nəzarət orqanları monitorinqin keçirilməsi nəticəsində Qanunun 18-ci və 19-cu maddələrinin tələblərinə riayət olunmadığını müəyyən etdikdə, qanun pozuntularının aradan qaldırılması üçün pozuntu hallarına yol vermiş monitorinq subyektinə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla icrası məcburi olan göstərişlər verirlər, inzibati xətanın əlamətləri aşkar edildikdə isə həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görürlər.

5.6. Monitorinqin keçirilməsinin nəticələrinə dair əldə edilmiş məlumatlar nəzarət orqanları tərəfindən 1 (bir) iş günü müddətində həmin orqanların rəsmi internet səhifəsində yerləşdirilir, habelə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər mənbələrdə açıqlanır.

5.7. Monitorinqin keçirilməsi sahəsində nəzarət orqanlarının qərarlarının icrası bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulmuş subyektlər üçün məcburidir. Həmin qərarlardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

      6. Keçid müddəa

Bu Qaydada nəzərdə tutulan tənzimləyicinin səlahiyyətləri Qanunun 30.3-cü maddəsinə əsasən 2028-ci il iyulun 1-dək Enerji Məsələlərini Tənzimləmə Agentliyi qismində Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən həyata keçirilir.

 

 

light-logo