Şəhid Rauf İbadovun əziz xatirəsi yad edildi
Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalan igidlərimizdən olan rəssam Rauf İbadovun şəhadətindən 4 il ötür. Bu məqsədlə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov, Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov, həmçinin Birlik əməkdaşları, şəhidin ailə üzvləri və yaxınları Raufun adına inşa edilən bulaq abidəni ziyarət ediblər. Şəhidin atası Məhərrəm İbadov oğlunun şərəfli ömür yolundan söz açıb. O, Raufun Füzuli, Cəbrayıl, Hadrut və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak etdiyini, oktyabr ayının 23-ü Laçın dəhlizi ərazisində qəhrəmancasına şəhidlik zirvəsinə ucaldığını diqqətə çatdırıb. Daha sonra Vətən müharibəsi şəhidi rəssam Rauf İbadovun vaxtı ilə yaşadığı evdə müxtəlif mövzuda çəkdiyi əsərlərə baxış keçirilib. Birliyin baş direktoru şəhidin ailə üzvlərinin qayğıları ilə maraqlanıb, bu cür vətənpərvər ruhda övlad böyütdükləri üçün onlara təşəkkür edib. Raufun atası Məhərrəm İbadov şəhidin həyat və yaradıcılığından bəhs edən kitabı baş direktora təqdim edib.
Qeyd edək ki, Məhərrəm İbadov uzun illərdir ki, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində çalışır.
Digər xəbərlər
Xanın kəndi qazlaşır!
Şamaxı rayonunun Çuxuryurd kəndində qaz xətləri yenilənir
Salyan RQİİ-nin nümunəvi işçiləri təltif edildi