“Azəriqaz” İB-nin baş direktoru Birlik yanında İctimai Şuranın üzvləri ilə görüşüb
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Birlik yanında İctimai Şuranın üzvlərini qəbul edib.
Birlik rəhbərliyinin iştirakı ilə keçirilən görüşdə baş direktor Şuranın fəaliyyətinin ictimai nəzarətin gücləndirilməsi və şəffaflığın təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb, Şura üzvlərinin təklif və təşəbbüslərinin iş prosesində nəzərə alınmasının vacibliyini qeyd edib.
Çıxış edən Şura üzvləri Birliyin fəaliyyət istiqamətləri, vətəndaş müraciətlərinin operativ həlli, eləcə də xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı fikir və təkliflərini səsləndiriblər.
Görüşdə “Azəriqaz” İB tərəfindən son dövrlərdə həyata keçirilən layihələr, qaz təsərrüfatının inkişafı istiqamətində görülən işlər, abonent məmnunluğunun artırılması məqsədilə atılan addımlar və qarşıda duran prioritet vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb.