“myGov”da “Azəriqaz” İstehsalat Birliyinin daha 2 rəqəmsal xidməti istifadəyə verilib

12 May 2026

Azərbaycanın rəqəmsal hökumət platforması olan “mygov”da “Azəriqaz” İstehsalat Birliyinin daha 2 rəqəmsal xidməti istifadəyə verilib.

Dövlət xidmətlərinə rəqəmsal çıxışın təmin olunması və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə həyata keçirilən bu yenilik sayəsində artıq “Borc arayışının verilməsi” haqqında arayışı və fərdi yaşayış evlərinin qazlaşdırılması üçün Texniki şərti xidmət mərkəzlərinə getmədən “myGov” portalı vasitəsilə onlayn formada əldə etmək mümkündür. Bunun üçün vətəndaşlar “myGov” portalına daxil olaraq “Xidmətlər” bölməsindən “Azəriqaz” İB-ni seçməklə müvafiq xidmət üzrə müraciət edə bilərlər. Daxil olan müraciətlər qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş müddətdə icra olunur və vətəndaşlar tələb olunan sənədləri elektron formada əldə edirlər.

Məlumat üçün bildiririk ki, borc arayışı əsasən aidiyyəti qurumlara təqdim etmək üçün nəzərdə tutulur. Texniki şərt sənədi isə əhali abonentlərinin qazpaylayıcı şəbəkəyə qoşulması üçün əsas sənəd hesab edilir. “myGov” portalında bundan əvvəl də “Azəriqaz” İstehsalat Birliyinə aid 2 onlayn xidmət vətəndaşların istifadəsinə verilib. Bunlar “Müayinə aktının əldə edilməsi” və “Əhali istehlakçısının ad dəyişdirilməsi” xidmətləridir.

“Azəriqaz” İB rəqəmsal transformasiya istiqamətində fəaliyyətini davam etdirir və yeni elektron xidmətlərin təqdim edilməsi üzrə müvafiq işlər görülür.

light-logo