“Azəriqaz”ın əməkdaşları Vətən müharibəsi şəhidini yad edib

08 Oktyabr 2026

Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən Zaur Mədətovun anım günü qeyd edilib. Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən ağır döyüşlərdə iştirak edən Zaur 2020-ci il oktyabrın 8-də qəhrəmancasına həlak olub.

Şəhidin anım günündə hər il olduğu kimi, bu il də SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları - baş direktorun insan resursları üzrə müavini Xəqani Bəşirli, Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov və Sumqayıt RQİİ-nin əməkdaşları onun ailəsini ziyarət edib, doğmaları ilə görüşüb.

Sonra anma mərasimi şəhidin vaxtilə yaşadığı küçədə atası tərəfindən onun xatirəsinə inşa etdirilən “Şəhid bulağı”nın önündə davam edib. Burada Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, Zaur Mədətovun döyüş yolu xatırlanıb, göstərdiyi qəhrəmanlığın heç vaxt unudulmayacağı vurğulanıb.

Şəhidin atası, “Azəriqaz” İB-nin əməkdaşı Kamal Mədətov oğlunun qəhrəmanlığı ilə hər zaman fəxr etdiyini deyib, şəhid ailəsinə göstərilən diqqət və qayğıya görə Birlik rəhbərliyinə minnətdarlığını bildirib.

light-logo