Ucqar dağ kəndinə ilk dəfə təbii qaz verildi.
SOCAR-ın “Azəriqaz”İstehsalat Birliyi tərəfindən Ölkə başçısı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq ucqar kəndlərin qazlaşdırılması məqsədi ilə hazırlanmış qazlaşdırma proqramına uyğun olaraq genişmiqyaslı tikinti-quraşdırma və təmir-bərpa işləri həyata keçirilir, ''mavi yanacaq''la təchiz olunmayan yaşayış massivlərinin qazlaşdırılması, qaz infrastrukturunun yenidən qurulması və inkişaf etdirilməsi üçün intensiv işlər görülür. Görülən işlərin nəticəsi olaraq 2018-ci il dekabrın 24-də Lerik rayonunun Veri kəndinə təbii qaz verilmişdir. Bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 13 min 261 metr müxtəlif diametrli polietilen və polad borularla daşıyıcı eləcə də paylayıcı qaz xətləri çəkilmiş, 80 fərdi evə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilmişdir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
Tədbirdə çıxış edən kənd sakinlər və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.