“Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuraya seçkilərlə əlaqədar
Vətəndaş cəmiyyəti institutlarının diqqətinə çatdırılır ki, “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatı elan olunur.
"İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 22 noyabr 2013-cü il tarixli 816-IVQ nömrəli Qanunu və Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə 15 aprel 2026-cı il tarixindən başlanılacaq. Namizədlərin irəli sürülməsi və qeydə alınması prosesi 20 (iyirmi) iş günü müddətində həyata keçiriləcək. 13 may 2026-cı il tarixində saat 17:00-da yekunlaşacaq.
İctimai Şura üzvlərinin say həddi 7 (yeddi) nəfər müəyyən edilib. Hər bir vətəndaş cəmiyyəti institutu Şura üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.
“Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şura üzvlüyünə namizədlərə dair tələblər:
Şuraya milliyyətindən, dilindən, dinindən, irqindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə, “Azəriqaz” İstehsalat Birliyinin fəaliyyət istiqamətləri üzrə təcrübəyə və ya biliyə malik Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir fəaliyyət qabiliyyətli vətəndaşı üzv ola bilər.
İctimai Şuranın üzvlüyünə irəli sürülən namizəd aşağıdakı sənədləri təqdim etməlidir:
* Namizədin şəxsiyyət vəsiqəsinin surəti;
* Namizədin tərcümeyi-halı;
* Namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti;
* Qeyri-kommersiya qurumlarının Dövlət Reyestrindən çıxarışın surəti;
* Şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər).
Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər. Namizədlər qeyd olunan sənədləri İctimai.shura@azeriqaz.az elektron ünvanı vasitəsilə onlayn formada təqdim etməlidirlər.
İctimai Şuraya namizədliyi irəli sürmüş şəxsin qeydiyyatına Seçki Komissiyası tərəfindən 3 (üç) iş günü müddətində baxılacaq və müvafiq qərar qəbul ediləcək.
Əlavə məlumat üçün Seçki Komissiyası ilə (050) 517 37 20 nömrəli telefonla əlaqə saxlanıla bilər.