Ağdamda qaz təchizatı sistemlərinin təhlükəsizliyinə həsr olunmuş tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyi (FHN), SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgə təşkilatçılığı ilə qaz təchizatı sistemlərində təhlükəsizlik və texniki etibarlılıq mövzularına həsr olunmuş “Enerji təhlükəsizliyi görüşü: qaz təchizatında texniki etibarlılıq” adlı tədbir keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd enerji sektorunda təhlükəsizliyin sistemli şəkildə gücləndirilməsi, qaz təchizatı infrastrukturunda texniki etibarlılığın artırılması, potensial risklərin kompleks idarəedilməsi və sahə üzrə peşəkar dialoq mühitinin formalaşdırılmasından ibarət olub.
Görüşdə qaz şəbəkələrində təhlükəsizlik riskləri, texniki istismar və preventiv xidmət tədbirləri, SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) prinsiplərinin sənaye fəaliyyətinə inteqrasiyası, habelə dövlət qurumları ilə özəl sənaye sektoru arasında əməkdaşlığın gücləndirilməsi kimi aktual mövzular ekspertlər tərəfindən praktiki təcrübələr və real nümunələr əsasında dəyərləndirilib.
Tədbirdə “Azəriqaz” İB-nin baş direktorunun birinci müavini (əməliyyat üzrə) Nail Abdullayev və “Azəriqaz” İB-nin baş direktorunun əməyin mühafizəsi üzrə müavini Vüqar Həmidov təqdimatlarla çıxış edib.
Ümumilikdə, tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, sənaye müəssisələrinin rəhbərləri və sahə üzrə mütəxəssislər də daxil olmaqla 50-yə yaxın iştirakçı yer alıb. İştirakçılar tərəfindən bölgədə formalaşan yeni sənaye mühitində təhlükəsizlik mədəniyyətinin erkən mərhələdən tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.