“Azəriqaz” İstehsalat Birliyinin məlumatı
“Azəriqaz” İstehsalat Birliyi il-ildən abonentlərini daha da məmnum etmək məqsədilə müxtəlif texniki tədbirlər həyata keçirir. Bu tədbirlərdən biri isə uzun müddət profilaktik xidmət göstərilməsi mümkün olmayan sayğaclara yerində texniki xidmət keçirilməsi olacaqdır ki, bu da gələcəkdə həmin abonentlərin fasiləsiz qazla təminatına zəmanət yaradacaqdır.
Qeyd edək ki, əksər yeni tikilən binalarda qaz sayğacları mənzillərin balkonunda quraşdırıldığından mənzillərə daxil olmaq və sayğaclara profilaktik yoxlama xidməti keçirmək zərurəti yaranır. Bəzi hallarda abonentlər mənzildə olmadıqda və ya nəzarətçinin mənzilə daxil olmasına şərait yaradılmadıqda sayğacların işçi vəziyyətinin yoxlanılması mümkün olmur, nəticədə gözlənilmədən sayğacda yaranan problem fərdi şəkildə qaz dayanmasına və abonentlərin şikayətinə səbəb ola bilər.
Bütün bunları nəzərə alaraq, mənzil daxili qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyucularının, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini yoxlamaq məqsədi ilə 01 fevral 2019-cu il tarixdən başlayaraq Birlik tərəfindən həmin sayğaclara profilaktik baxış keçirilməsi nəzərdə tutulmuşdur.
Bununla bağlı qaz istehlakçılardan “Azəriqaz” İB-nin işçisi olduğu haqda təsdiqedici vəsiqəsi olan mütəxəssislərimizin qaz sayğaclarına profilaktik xidmətin göstərməsi üçün şərait yaratmalarını xahiş edirik.